8 Kasım 2010 Pazartesi

Müşahidəçi idim....

7 noyabrda parlament seçkiləri ilə bağlı prosesləri çox yaxından izləyirdim. Baxmayaraq ki, ilk dəfə parlament seçicisi olacaqdım. İçimdə ümid vardı ki, bu dəfə parlamentdə fraksiya yaranacaq. Axı müxalifətdə də ziyalı, gözəl deputat ola biləcək insanlar yox deyil. Beləliklə.......
7 noyabr gəldi. Müşahidəçi idim. Amma seçkinin yox, yaxşı yağlanmış karusel oyunun. Yox, yanlış anlamayın, seçki günü bulvara getməmişdim. Sadəcə, onlarla insanın haqqını tapdalayaraq, onların ah-naləsi ilə tikiləcək qış bulvarına yaxınlığında bir seçki məntəqəsində karusel tamaşaçısı oldum. Bu seçkidən sonra yaşlı insanlar gərgin vəziyyətimi görüb bunu yaşın az olması ilə əlaqləndirdilər. Amma məncə haqsızlığın insana təsiri onun yaşı ilə bağlı deyil. Ən bədbəxt vətəndaş onun hüquqlarının pozulduğu, səsinin – namusunun əlindən alınmasını norma kimi qəbul edib “bəs siz nə gözləyirdiniz? Belə olmalı idi” deyən vətəndaşdır.

Bəyəm, yaşlı insan buna biganə qalmaldıır? Müşahidəçi olduğum məntəqədə məndən başqa 20-ə yaxın müşahidəçi var idi. Amma onların ən az 15-i suvaqçı idi, saxtakarlığı malalamağa gəlmişdilər. Onların işi seçki prosesini müşahidə etmək deyil, haqsızlığa qarşı çıxan müşahidəçiləri müşahidə etmək idi. Qalan 5 nəfərin çoxu səssiz idi gün boyu. Misal üçün mən akt yazıb, onlardan imza atmasını xahiş edəndə atmır, qapıdan çıxanda arxamca gəlib, verin qol çəkim deyirdilər....

Gördüklərimin nə olduğunu yazmağa gərək yoxdur, əgər Azərbaycanda yaşayırsınızsa, bunun nədən ibarət olduğunu özünüz də tapa bilərsiniz. HAQQ, HÜQUQ, ƏDALƏT, DEMOKRATİYA = O. prosesi. Mən də yaxşı anlayıram ki, kütlə həmişə güclünün yanında olur, onun arxasınca gedir. İnanın, mən gördüklərimə istinadən deyirəm ki, seçici səs vermirdi ki, onun səbəbini seçilənin güclü olmasında axtaraq. Bu gün Azərbaycanda elə şərait, imkanlar sunulmur ki, ekvivalent qüvvələr olsun. Misal üçün mənim müşahidəçi olduğum məntəqədə birinci yerin sahibi 274 səs aldığı halda, ikinci namizəd 55 səs almışdı. Fərqi hesablayıb, düşünün 14 namizədin içərisində heç mi normal seçici kütləsi olan namizəd yox idi? Şəxsiyyət vəsiqəsini cibində götürüb amma şəxsiyyətini evdə unudub gələn seçicinin də Milli olmayan Məclisimizin formalaşmasında keçən "əməyinə" sayqı duyuram. Bunun nəticəsi idi ki, növbəti 5 ildə fəaliyyət göstərəcək "dostlar məclisi"miz formalaşdı. QORXUNCDUR.

Məntəqənin sədri dəqiqədə bir dediyi “mən 6 il Qarabağda vuruşmuşam, vətənpərvərəm” ifadəsinə yalnız çıxandan, protokolu alandan sonra cavab verə bildim: “Vətənpərvər birinci növbədə vətənin vətəndaşını sevər, onun səsinin saxtalaşdırılmasına kömək etməz”. Maraqlıdır ki, həmin vaxt yanımda əyləşən, sonradan seçkinin “sülh şəraitində keçdi”yni deyən ATƏT nümayəndəsi də mənim fikrimi təsdiq etdi.

Bu seçkidən sonra hər bayramda, hətta vətəndaşının namusunu oğurlayaraq ucaldılan bayraq günüdə də bütün televiziyalarda, hətta musiqlərdə belə səslənən “mən fəxr edirəm ki, azərbaycanlıyam” sözünə görə utanıram.

Bunları sizin üçün 9 noyabrda – MİLLİ BAYRAQ GÜNÜmüzdə yazıram, oxuyun, 162 metrdə dalğalanan bayrağınızla fəxr edin. Mən məntəqədə bayrağımın rənginənə boyanmış kabinərlərə görə utanırdım, fəxr edə bilmirdim. Yazıq bayrağı o qədər hündürə qaldırdılar, ordan şəhərdə, məntəqələrdə nələrin baş verdiyini daha aydın görə bilirdi . Canlı olsaydı bayrağımız, yəqin mənim yazmağıma gərək qalmazdı, özü danışardı sizə...

Satılan insanlar dəhşətli mənzərə yaradırdılar. Onları qınamıram. Yaxşı söz var: “su boğazına çıxanda muymun balasını ayaqlayar”. Millət elə vəziyyətdədir ki, səs - namus çoxdan ayaqlanıb. Bəzən müxalifət satılmaqda bir-birlərini suçlayırlar. İnanıram, satıla bilən müxalifətçilər ola bilər. Su boğazdandır çünki.

Amma hələ də beynimi məşğul edən bir məsələ var. Səbəbini tapa bilmirəm beynəlxalq müşahidəçilərin mövqeyinin. Axı onlara qanunsuzluqları göstərəndə, sübut edəndə mənə haqq verib OK dedilər. Sonradan belə “yumşalmalarının” səbəbini bəlkə siz deyəsiniz?

AŞAĞIDAKI SAXTAKARLIQ NÜMUNƏLƏRİNİN ÜZƏRİNDƏ TIKLAYARAQ VİDEOLARA BAXA BİLƏRSİNİZ:

1. "Qutu əməliyyatı" (Qutu içəri aparılır, içinə təyin olunan namizədin adı qeyd olunmuş bülletenlər doldurulur)
2. Bir qrup xüsusi ayrılmış adamlar hər məntəqədə tamam başqa yerdə qeydiyyatda olan adamların adından səs verir. Təbii ki. komissiya üzvləri buna şərait yaradır. Yaxınlaşan müşahidəçilərə isə imkan verilmir ki, seçicinin təqdim etdiyi şəxsiyyət vəsiqəsini görsün.
3. Naxçıvanda qeydiyyatda olan seçici 16 saylı Yasamal II seçki dairəsində səs verir.
4. 36 saylı seçki dairəsində qutuya topa bülletenləri necə atırlar?
5. Başqa ərazidə yaşayan seçici 17 saylı dairənin bir neçə məntəqəsində səs verir
6. Vətəndaş seçkiyə gəlir, amma onun yerinə başqa karusel iştirakçısı artıq səs verib..
7. 34 saylı seçki dairəsində açıq şəkildə komissiya üzvü bülletenlərə bir namizədin adını qeyd edir.
8. 17 saylı dairədə seçicinin (karuselçinin) barmağına mürəkkəb vurulmur. Beləliklə o asanlıqla, digər məntəqəyə gedib başqasının yerinə yenidən səs verir.
9. 17 saylı dairədə karusel iştirakçıları birlikdə bir məntəqədən digərinə gedib səs verir. Maşından çəkiliş.
10. Ən dəhşətlisi - vicdansızlıq. 17 saylı dairədə Bəxtiyar Hacıyevə səs vermək istəyən, ancaq latın qrafikalı əlifbanı oxumayan yaşlı kişini necə aldadıb səsini "lazım olan" namizədə verirlər.

Hiç yorum yok:

Yorum Gönder