23 Mart 2013 Cumartesi

Alman müəlliməmin təcrübələri

Bu aralar, alman dili kursuna gedirəm. Müəlliməmiz almandır. Çox maraqlı insandır. 17 yaşına kimi adı Angela olub, tələbə olanda italyan restoranında işləyirmiş. Müdiri onu Paula çağırmağa başlayıb, və o qərar verib ki, adını dəyişsin. Almaniya qanunlarına görə əgər bir insanı iş yerində başqa adla, təxəllüslə tanıyırlarsa, o həmin adı rəsmiləşdirə bilər. Paulanın bir oğlu var. Deyir oğlumu Berlinin yaxınlığında bir kənddə heç bir ağrıkəsici istifadə etmədən dünyaya gətirmişəm. Təsəvvür edirsiz, bizdə qız hamilə olanda gedir anasıgilə ki, yanında yaşlı və təcrübəli adam olsun, xəstəxanada uşaq doğur. Bu isə uşağının atası ilə  hansısa kənddə tək doğmaq istəyib. Deyir hətta, öz hebammem (mamaçam) həmin vaxt ölkədə deyildi, mən sancılar başlayanda məcbur başqa hebamme çağırdım. Paulaya görə, doğuş sancıları uşağı güclü edir və bu sancılar ana üçün də xeyirlidir. Əlbəttə, bir azərbaycanlı olaraq bunları eşidəndə gözüm kəlləmə çıxdı :) Zarafat bir yana, bir psixoloq rəfiqəmdən eşitdiyimə görə, bu sahədə aparılan araşdırmalar onu göstərir ki, əməliyyatla doğulmuş uşaqların iradəsi təbii yolla doğulmuş uşaqlara nisbətən zəif olur. 

Keçənlərdə dəfə dərsdə sevimli məşğuliyyətlər haqqında danışırdıq. Bizimlə eyni qrupda olan türk oğlan dedi ki, o gecələr casinoya getməyi çox sevir. Paula da öz təcrübəsini paylaşdı ki, bəs mən də tələbə vaxtı gecələr casinoya gedərdim. Deyir  tələbə vaxtı son 50 avrom qalanda gedirdim casinoya, oynayıb 300 avroya çatdıran kimi çıxırdım. Bir də növbəti dəfə 50 avro pulum qalanda casinoya qayıdırdım. Beləcə tələbəliyimi yola vermişəm. 

Paulanın bizimlə paylaşdığı təcrübələri ona görə öz blogumda paylaşıram ki, müstəqil insanın ayaqda qalması üçün atdığı addımlardan xəbərdar olasınız. Müstəqil insan özü öz qərarını verir, yanlış və doğru olmasından asılı olmayaraq. Uşağını harda və necə doğacağını özü seçir. Azərbaycanda hansı ana öz uşağını bu dünyaya gətirəcəyi yeri özü seçir? Bəs ana, qaynana, təcrübəli insanlar, həkim qohum varsa onun işlədiyi klinika məsləhətləri?
Azərbaycanda tələbələrin neçə faizi yaşamaq üçün özü yol axtarır? 
Və beləliklə biz həyatımızın istənilən dönəmində qərar verməyi bacarmırıq. Əvəzimizə ailə qərar verir.

8 Mart 2013 Cuma

McDonaldsa uşaqları aparmaq üçün 2 ay gözləmək lazım imiş

 FİFA-a işləyəndə Bakıdakı məktəblərdə təlimlər keçirdik.  Adəti üzrə hər məktəbdən bir nəfər əlaqələndirici müəllim olurdu ki, bizimlə o maraqlanırdı. Bu əsasən təlim-tərbiyə üzrə direktor müavinləri idi. Çünki təlimlər zamanı uşaqların sakitləşdirilməsində bizə kömək edirdilər.  Təlimin sonunda uşaqlara hədiyyə paylayırdıq. Hədiyyə deyəndə, qələm, t-şört falan idi. Hədiyyələrin paylanması təlimin ən iztirablı hissəsi idi. Çünki uşaqlar hamısı önə gəlir, bir birini əzir, güclə hədiyyəni götürmək istəyirdilər.
2011-ci ilin payızında Əhmədlidə bir məktəbdə təlim keçməyə getmişdik. Təlimin sonunda hədiyyələri paylayandan sonra, əlaqələndirici müəllim (təlim tərbiyə üzrə direktor müavini) uşaqlardan narazılıq etməyə başladı. O uşaqların günahını valideynlərdə axtarırdı. Deyirdi ki, uşaqları ilə maraqlanmırlar, uşaqlar acgöz böyüyür. Onun bu sözləri hələ də yadımdadır: "Mən 2 ay maaşımdan az-az yığdım, uşaqlarımı McDonaldsa apardım ki, qoy uşaqlarım oranın nə olduğunu bilsinlər, görməmiş böyüməsinlər". 
Dəhşətə gəlmişdim. McDonalds ən ucuz yeməkxanalardan biri hesab olunur. Amma bizim ölkədə ailə təhsilli valideynlər uşaqlarını ora aparmaq üçün 2 ay pul yığmalı olurlar. 
Onlar belə uşaq böyüdürlər, sonra əsgərlikdə hansısa qudurğan alçaq hansısa kasıbın balasını öldürür. Ona da etiraz edəni oğurlayır, tutur. Və camaatın çoxu hələ də buna baxıb gözünü döyür, səssiz qalır

31 Ocak 2012 Salı

Queen - Love of My Life

Bu aralar bloguma yazı yazmaq üçün vaxtım və internetim əskikdir. Ona görə musiqi ilə blogspot-un başını aldatmağa çalışıram :)

Küçədə həzin qar yağanda, evdə isə bir pişik səssizliyi və yumşaqlığı hökm sürəndə Youtube-da Queen daha ləzzətli olur...


10 Ocak 2012 Salı

Üsyan musiqisi

Nə vaxt ki, içim etirazla dolur və mən hər şeyi dəyişmək üçün yeterli qədər güclü olduğumu hiss edirəm, onda Muse-nin "Uprising" mahnısı lap yerinə düşür:
"Əgər sən düyməyə basıb üçüncü gözünü aça bilsən, görəcəksən ki;
Ölməkdən heç vaxt qorxmamalıyıq! "


20 Aralık 2011 Salı

Bizi silkələyən romanlar

Keçənlərdə dostlar Fransa Mədəniyyət Mərkəzinə yığışıb kitabdan danışdılar. Tanınmış yazarlar da iştirak edirdi. Dostum Cavid Ramazanov kitabların əhəmiyyətindən söz açdı. Neçə vaxtdır məni düşündürən sualı sordum ona. Ədəbiyyat insana nə verir? Cavid deyir, ədəbiyyat insana vicdanlı olmağı, insan olmağı öyrədir. Amma məncə deyil. Yəni tam olaraq deyil. Çünki bu ölkədə ədəbiyyat oxuyub yenə vicdansızlıq edən gördüm ki. O zaman Rafael Hüseynov heç ədəbiyyatdan xəbəri yoxdu ki. Ədəbiyyat insanın baxış mağarasını genişlənirir, doğruları, həqiqətləri görməyinə şərait yaradır. Vicdanı ədəbiyyat paylamır, məncə.
Deməli Toronto Üniversitetinünü iki müəllimi: psixiatr Keys Oatli (Keith Oatley) və İngrid Vikelgren (Ingrid Wickelgren) bu mövzu ilə bağlı məqalə yazıblar. Məqalədəki fikirlərə görə, roman həm insanların yaradıcı fantaziyasını zənginləşdirir, həm də sosial münasibətləri gücləndirir. Adını qeyd etdiyim iki alim insan beynini inkişaf etdirən 10 roman müəyyənləşdiriblər.
Top onluq belədir:

25 Ekim 2011 Salı

Mənim adım qıpqırmızı

“Benim Adım Kırmızı” romanı Orxan Pamukun oxuduğum ilk əsəri idi. Hətta buna qədər Orxan Pamukun yaradıcılığından xəbərsiz olduğuma görə çox utanırdım, çünki Orxan Pamuk gündəmdə olan yazardır, o həm də vətəndaş mövqeyi sərgiləyən yazardır.

Orxan Pamukdan bir şey oxumaq istədiyimi dediyim dostum onun iki əsərini məsləhət gördü: “Qar” və “Mənim adım Qırmızı”. Onun bu iki roman haqqında mənə verdiyi qısa informasiyaya əsasən “Mənim adım Qırmızı”nı oxumağa qərar verdim. Kitabı oxumağa başlamamışdan əvvəl internetdə onun haqqında oxucuların rəylərini axtardım. Mən ədəbiyyatçı olmadığım üçün oxuduğum əsələri ya məsləhət bilirlər, ya əsər əsasında çəkilmiş kinoya baxdıqdan sonra, yaxud da internetdə kiminsə rəyinə əsasən oxumağa qərar verirəm. Təbii ki, buraya klassik dünyaşöhrətli yazıçıların (Tolstoy, Dostoyevski, Hemenquey, Oskar Vald və digərləri) əsərləri daxil deyil. Ümumiyyətlə, dünyagörüşünün formalaşması üçün belə məşhur əsərlərdən xəbərdar olmaq üçün mütləq oxumağa çalışıram.

Kitab haqqında kimsə bəyəndiyini, kimsə çox darıxdırıcı roman olduğunu, kimi isə elə əsl romanın belə olduğunu yazmışdır. Və nəhayət ki, 470 səhifəlik dünyaca məşhur bu kitabı oxumağa başalaya bildim...

24 Ekim 2011 Pazartesi

Əlimizdəki quşlar

İstəyirəm bu yaxınlarda oxuduğum maraqlı kitablar haqqında fikirlərimi sizinlə paylaşım. Türk ədəbiyyatını çox az oxusam da, İnci Ararın “Ölü Erkek Kuşlar” əsəri çox xoşuma gəldi. Rəngli sujet xətti olmamasına baxmayaraq, əsər sonuna qədər oxucu üçün özünün marağını qoruyur.

Münasibətlər, insan psixologiyasından bəhs edən kitab bir insanın istəklərinin sabit olmadığını, inkişafını əks etdirir. İnsanların, əsasən də qadınların bilinməyən, bəlkə də çox kişinin təxmin etdmədiyi qaranlıq köşələrinə əl uzadan müəllif qadına və eyni zamanda kişiyə cəmiyyətin biçdiyi don və insanların eqosu arasında ölçü fərqlərini göstərməyə çalışıb. Əsərdə 3 insanı mərkəzə alınıb. Öz ayaqları üzərində duran, savadlı, mədəni, yüksək inellektə sahib, həyatda tək başında var olmağa çalışan qadının hisslərinin dəyişkənliyindən danışılır.

26 Eylül 2011 Pazartesi

Liftdə

Tanımadığımız insanlarla bir neçə dəqiqə birlikdə qalmağa məcbur olduğumuz darısqal bir yer var - lift. Qəribə səssizlik olur liftlərdə. Hər gün işə gələrkən liftin düyməsini basıb gözləyəndə liftdə qarşılaşacağım insanları ciddi şəkildə düşünürəm. Görəsən kişi yaxud qadın olacaq, qoca ya cavan birimi olacaq, hicablı birimi olacaq, mənə "salam" deyəcəkmi və s bu kimi gic suallar beynimdə dolaşır. Bilmirəm niyə, amma liftə gülümsəyərək minib, "salam" deyən insanları görmək çox xoşuma gəlir.

İndi bir az irəli gedib, liftə minib-düşən hər kəsə gülərüzlə "salam" deyirəm. Hərdən bu salamlaşma tanışlıqla bitir. Təbii ki, salam verdiyiniz əcnəbi biridirsə.

Bu arada, ikinci mərtəbəyə liftlə çıxanları qınayıram, lifti gözləyənə qədər ikinci mərtəbəyə qalxmaq mümkündür, üstəlik bu sizi yoracaq qədər ağır iş deyil :)

15 Eylül 2011 Perşembe

“Fuck buddy” və "Friends with benefits"

Axır ki, şeytanın ayağını qırıb, kinoya getmək istədim. Buna görə də internetdə Bakı kinoteatrlarının afişalarına baxmağa başladım. Göstəriləcək bir filmin adı diqqətimi çəkdi. “Seksual dostluq”. Ona görə yox ki, filmin adında "seks" sözü görmüşdüm. Ona görə ki, bu filmə orjinal dilində artıq baxmışdım. Filmin orjinal adı „Friends with benefits”dir. Bu söz Azərbaycan dilində qarşılığı mənə xeyli maraqlı göründü. Ancaq təəssüf ki, bu tərcüməyə alternativ tapa bilmədiyim üçün seksual dostluq ifadəsi ilə razılaşmalı oldum . Seksual dostluq nədir?

12 Eylül 2011 Pazartesi

Ərəb dünyasının "bahar"ında qadınlar....

Ərəb dünyasında baş verən tarixi dəyişikliyi izlədik. Uzun illərdir xalqın seçmədiyi iqtidarlar və liderlər yavaş-yavaş öz gücünü itirir, əvəzində isə xalq demokratiyaya doğru cığır açmağa başlayır. Ərəb dünyasına növbə ilə gələn “bahar” illərdir hüquqları tapdalanan və susdurulan bir təbəqə üçün əsl baharın müjdəsi idi: Bu susdurulan toplum təbii ki, qadınlar idi. Bəlkə də, ərəb tarixində qadın səsi ən güclü indi eşidilirdi. Onlar yaşanan inqilabların qəhrəmanına çevriliblər.

Üsyanlarda qadınların belə fəal iştirakı illərdir insanlarında beynində formalaşmış “qadın” streotipini təməlindən sarsıtdı. İtaətkar, boyun əyən, haqqı tapdalanan və bunun üçün mübarizə aparmayan “müsəlman qadını” imicini ərəb dünyasına gələn “bahar”ın suları ləkələyir. Bəlkə də bir neçə ay öncə inqilabın “kişi işi” olduğunun düşünənlər ərəb qadının bu cəsarətini və həyatını təhlükəyə atmaq hesabına olsa da inandıqları dəyələr uğrunda savaşacağını təxmin etməzdilər.

8 Eylül 2011 Perşembe

Oğlanların qızlara nisbəti...



"Allah xeyir versin", "Bir yastıqda qocalsınlar", "Oğullu-qızlı olsunlar", "Birlikdə saç ağartsınlar"....

Bu sözləri Azərbaycan toyunda ən azı bir dəfə iştirak etmiş hər kəs toy boyu dəfələrlə eşidib. Toya dəvət olunan hər bir qonağın təbrik nitqində bu sözlərə tez-tez rast gəlmək olar. Təbii ki, təbrik söyləyən insanların bu ifadələri yaxşı niyyətlə söyləməsinə heç kim, o cümlədən mən şübhə etmirəm. Bu ifadələrin həqiqətə çevrilməsini toy günündə qohumlar, dostlar arzu edir. Ancaq xoşbəxtliyin bir yastıqda neçə il yatmaqlar, neçə oğul-qıza sahib olmaqla ölçülməsi nə dərəcədə doğrudur deyə bilmərəm.