25 Ekim 2011 Salı

Mənim adım qıpqırmızı

“Benim Adım Kırmızı” romanı Orxan Pamukun oxuduğum ilk əsəri idi. Hətta buna qədər Orxan Pamukun yaradıcılığından xəbərsiz olduğuma görə çox utanırdım, çünki Orxan Pamuk gündəmdə olan yazardır, o həm də vətəndaş mövqeyi sərgiləyən yazardır.

Orxan Pamukdan bir şey oxumaq istədiyimi dediyim dostum onun iki əsərini məsləhət gördü: “Qar” və “Mənim adım Qırmızı”. Onun bu iki roman haqqında mənə verdiyi qısa informasiyaya əsasən “Mənim adım Qırmızı”nı oxumağa qərar verdim. Kitabı oxumağa başlamamışdan əvvəl internetdə onun haqqında oxucuların rəylərini axtardım. Mən ədəbiyyatçı olmadığım üçün oxuduğum əsələri ya məsləhət bilirlər, ya əsər əsasında çəkilmiş kinoya baxdıqdan sonra, yaxud da internetdə kiminsə rəyinə əsasən oxumağa qərar verirəm. Təbii ki, buraya klassik dünyaşöhrətli yazıçıların (Tolstoy, Dostoyevski, Hemenquey, Oskar Vald və digərləri) əsərləri daxil deyil. Ümumiyyətlə, dünyagörüşünün formalaşması üçün belə məşhur əsərlərdən xəbərdar olmaq üçün mütləq oxumağa çalışıram.

Kitab haqqında kimsə bəyəndiyini, kimsə çox darıxdırıcı roman olduğunu, kimi isə elə əsl romanın belə olduğunu yazmışdır. Və nəhayət ki, 470 səhifəlik dünyaca məşhur bu kitabı oxumağa başalaya bildim...

Əgər siz hələ də bu əsəri oxumayanlar sırasına daxilsəniz, əminəm ki, mənim roman haqqında fikirlərimi merak edirsiniz. Bir az gözləyin...

Kitabı indiyə qədər oxuduğum əsərlərdən fərqləndirən cəhəti oxucunu da romanın içində daxil edilməsidir. Əsəri oxuyanda obrazlar sizinlə dialoqa girəcək. İnsanla söhbət ona özünü önəmli hiss etdirir. Hələ mən uşaqkən anam hər gün TV-də Gülşən Qurbanovanın yemək probqramlarına həvəslə baxırdı. Gülşən Qurbanova rusdilli idi, Azərbaycan dilində danışarkən yalan olmasın, hər 2 cümlədən birində rus sözləri işlədirdi. Bir dəfə anama ona niyə baxdığını soruşanda anam dedi ki, evdə tək olanda Gülşən Quranovanın verilişinə baxanda sanki ekranda deyil də, Gülşən oturub evdə mənimlə söhbət edir. Anamı Gülşən Qurbanovanın verilişinə baxmağa sövq edən bu amil, Orxan Pamukun bu kitabını da mənim üçün maraqlı etdi. Bundan başqa əsərdə yazıçının öz obrazına da rast gəlmək olar. Müəllif (Orxan) əsərdə uşaq kimi təsvir olunur. Əsas obrazlardan biri Şəkurənin kiçik övladıdır. Əsərin son cümləsində yazıçı özü anasının dili ilə özündən yazır: “ Kiçik oğlum Orxan hekayəsinin inandırıcı olacaq deyə uydurmayacağı heç nə yoxdur”

Kitab əsasən rəsm sənəti, nəqqaşlıq haqqındadır. Ancaq sevgi, ailə, dövrün qanunları, cəmiyyət, din, cinayət daxil bir çox mövzuya toxunulub. Əsərin əvvəlindən sonuna qədər cinayətkarın (qatilin) axtarışını izləmək olur. Buna görə də əsər dedektiv sevərlər üçün maraqlı olar.

Zatən, romanın ilk hissəsi öldürülənin dilindən yazılıb. Qatilin kim olduğunu sonuncu bölümə qədər bilməyəcəksiniz. Məndən kim olduğunu yazmağımı gözləməyin. Zəhmət çəkib, özünüz oxuyun. Həm mən desəm də sizə qaranlıq qalacaq, çünki romandakı şəxslərdən xəbərsizsiniz. Ancaq əsərdə təsvir edilən aşk və cinayət haqqında danışmaq istəmirəm. Çünki bu sevgi hekayəti 16 əsrdə yaşanan bu sevgi hekayəti əri dörd ildir müharibədən qayıtmayan Şəkurənin ona aşiq olan qaynı və xalasıoğlu arasında keçir. Bu 3 aşiqin bir birinə məktublaşmasına kuryer rolunu isə yəhudi qadın Ester həyata keçirir. Şəkurə haqqında pis fikirləşməyə tələsməyin J Kitabın növbəti bölümlərində Şəkurənin öz sevdiyi kişi deyil də, uşaqlarına yaxşı ata ola biləcək birinin axtarışında olduğunu görmək olar.

Kitabda əsas rəsm, nəqqaşlıq sənətindən bəhs edilir. Mənim diqqətimi bir fikir xüsusilə çəkdi: “Frenk ustaları nə görürlərsə ən incə detallarına qədər gördükləri kimi çəkir, ancaq bizim nəqş etdiklərimiz isə Allahın gördüyü şəkildədir. Ən gözəl görmə də kor ola-ola qaranlıqda gördüyünü çizməkdir.”

Kitabdan: Uluğ Bəy üçün kitabın hazırlanmasına yaşlı və kor usta nəqqaşın yanın gedirlər. Nəqqaş da yeddi yaşında ağıllı, amma oxuyub-yazmağı bacarmayan bir uşağın onun yanına gətirilməsini istəyir. Ustaya niyə yeddi yaşında uşağı istədiyini soruşanda “... Allahın dünyanı yeddi yaşlı uşağın görmək istədiyi kimi yaratdığını bilirəm” deyir.

Kitabın ən xoşuma gələn ölümü “Mən şeytan” bölümüdür. Şeytanın dilindən yazılan bu bölümdə şeytan obrazı çox maraqlı gəldi mənə. İlk dəfə ədəbiyyatda belə mükəmməl və ağıllı şeytana rast gəlirdim. “Mən insana səcdə etmədim” . Bu bölümdə hər cümləni çox diqqətlə oxumağınızı tövsiyə edərdim.

Kitab haqqında düşüncələrimi yazdım. Kitabı bəzi təkrarların olması, bir az çətin dili, indi az işlənən, yaxud işləkliyini itirmiş sözlərinə rəğmən mən sona qədər maraqla oxudum. Zatən mənim ədəbiyyat oxumağım da bunun üçündür. Əsəri bir ədəbiyyatçı ilə, sıradan bir oxucunun oxuması və aldığı həzz arasında fərq budur. Ədəbiyyatçı peşəkarcasına yanaşıb, nələrisə öyrənib təhlil etməyə maraqlıdırsa, mənim üçün isə əsəri oxuduğum müddət məndə yaratdığı maraq da önəmlidir. Və inanıram ki, hər oxuduğum bədii əsər, hər baxdığım rəssamlıq nümunəsi, hər eşitdiyin musiqi ruhumda biz iz buraxır. Bir sözlə incəsənət mənə görə onu təhlil edib, savadlı intellektual obrazı biçmək üçün deyil. İncəsənət sadəcə ona baxanda, dinləyəndə və oxuyanda aldığın yeni informasiya, həzz və gələcəkdə fərd kimi zövqünün, ruhunun formalaşması üçündür.


6 yorum:

  1. Orhan Pamuka gec başlamısız

    YanıtlaSil
  2. Orxan Pumukun Qar romanı daha çox xoşuma gəlmişdi mənim

    YanıtlaSil
  3. müəllifin əsərə daxil olması hissəsini başa düşmədim

    YanıtlaSil
  4. Müəllif romanda öz rolunu da yaradıb. Orxan adında balaca oğlandır. Sonuncu cümlədəd anlaşılır ki, bu obraz elə Orxan Pamukun özüdür

    YanıtlaSil
  5. hmmm, oxuyaram

    YanıtlaSil