8 Eylül 2011 Perşembe

Oğlanların qızlara nisbəti...



"Allah xeyir versin", "Bir yastıqda qocalsınlar", "Oğullu-qızlı olsunlar", "Birlikdə saç ağartsınlar"....

Bu sözləri Azərbaycan toyunda ən azı bir dəfə iştirak etmiş hər kəs toy boyu dəfələrlə eşidib. Toya dəvət olunan hər bir qonağın təbrik nitqində bu sözlərə tez-tez rast gəlmək olar. Təbii ki, təbrik söyləyən insanların bu ifadələri yaxşı niyyətlə söyləməsinə heç kim, o cümlədən mən şübhə etmirəm. Bu ifadələrin həqiqətə çevrilməsini toy günündə qohumlar, dostlar arzu edir. Ancaq xoşbəxtliyin bir yastıqda neçə il yatmaqlar, neçə oğul-qıza sahib olmaqla ölçülməsi nə dərəcədə doğrudur deyə bilmərəm.

***

- Evlisiniz?

- Xeyr.

- Neçə yaşın var?

- 22 ( dialoqun davam etməsi üçün bu yaş minimumal hesab oluna bilər)

- Niyə evlenmirsən?

- Bilmirəm. Yəqin doğru insanla rastlaşmamışam hələ.

- Kimi gözləyirsən? Evlən. Mən 25 ildir evliyəm. 25 il. Siz də evlənin, xoşbəxt olun.

Xanımın israrla vurğuladığı 25 il nə deməkdir? Həyat yoldaşı ilə birgə ömür sürdüyü illəri belə qabarıq şəkildə deməklə, o xoşbəxt olduğunu isbatlamaq istəyir? 25 il evli olmaq xoşbəxtliyin göstəricisidirmi? Xoşbəxtlik illərlə hesablanmaz.

***

Əziz .... Sizi oğlum (qızım) ....in toy məclisinə dəvət edirəm.

İnanmıram toya belə dəvətnamə almayan kimsə var. Niyə toya dəvətnaməni valideyn yazmalıdır? Düşünürəm ki, toy əgər iki insanın rəsmi nigaha daxil olduğunu qeyd etdiyi tədbir, sevinclərini paylaşmaq üçün təşkil etdikləri şənlikdirsə, o zaman qonaqları dəvət etmək onların haqqıdır. Təbii ki, cümlənin birinci hissəsi keçərli olmayanda, ikinci hissəsində ifadə etdiyim fikir də öz əhəmiyyətini itirir. Nə qədər ki, "oğlumu evləndirdim", "qızımı ərə verdim" birləşmələri "evləndim" ifadəsindən çox işlənəcək yəqin ki, belə dəvətnamələr çox alacağıq.

***

Anam, bacım, qız gəlin

Əli, ayağı düz gəlin

Yeddi oğul istərəm

Bircə dənə qız gəlin

"Yeddi oğul istərəm" filminə baxanların yaxşı xatırladığı bu bayatını hər toyda eşitmək mümkündür. Bu əsrarəngiz folklor nümunəmizi milli təfəkkürümüzün göstəricisi kimi qiymətləndirmək olar. Ancaq maraqlı olan budur ki, biz folklor nümunələrimizin yarandığı ibtidai təfəkkürümüzdən hələ də tam ayrıla bilməmişik. Hələ də yeddi-bir nisbətində oğul, qız övladı arzulayırıq. Gender balansından bu natarazlıq əslində həyəcan siqnalıdır. Statistikaya görə, Azərbaycanda gender balansında ciddi dəyişiklik baş verir. Son illər ərzində doğulan bütün uşaqların 60 faizi oğlan, 40 faizi qızdır. Ancaq beş il əvvəl qızların oğlanlara nisbəti 49, 5 idisə, ötən müddət ərzində bu nisbət azalan xətt üzrə inkişaf edib. İndi bu rəqəm 48,52-dir. Uşaqların ana bətnində cinsiyyətinin müəyyənləşməsi bəzən onların yaşama hüququnun pozulması ilə nəticələnir. Belə ki, övlad gözləyən gələcək valideynlər həkim müayinəsində təkcə övladlarının cinsiyyətini bilmək istədikləri üçün getmirlər. Əksər inkişaf etməkdə olan ölkələrdə adətən valideynlər paltar və digər uşaq əşyaları almaq üçün doğulmamış övladlarının cinsiyyətini öyrənməyə maraq göstərirlərsə, bizim ölkədə əksər hallarda oğlan olub olmaması ilə maraqlanırlar. Statistika bu fikri söyləməyə əsas verir ki, ölkəmizdə insanlar qız uşaqlarını abort etdirməyə meyllidirlər. Bütün abortların 30 faizi haqda qərar dölün cinsi haqqında məlumatların əsasında verilir. Gender balansının bu şəkildə pozulması gələcək illərdə ciddi demoqrafik problemlərə gətirib çıxara bilər.

Hətta bir ara Milli Məclisdə bu məsələ ciddi şəkildə müzakirə olunurdu. Bəzi deputatlar düşünürdülər ki, həkimlərə qadağa qoyulsun ki, onlar dölün cinsi ilə bağlı məlumatları valideynlərə deməsinlər. Bunda məqsəd gender balansını qorumaq, qız uşaqlarının abortu hallarının qarşısını almaqdır. Ancaq bu addımı insan haqlarının pozulması kimi qiymətləndirilirdi. Kim istəyir qızı olsun, kim istəyir oğlu. Bu qanunla onların övlad seçimini məhdudlaşdırılır. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev mətbuata verdiyi müsahibədə qeyd etmişdi ki, dünyaya gələcək körpənin abortu elə insan haqlarının pozulması deməkdir.

“Science” jurnalının müxbiri Mara Hvistendhali “Qeyri-təbii seçim: qızı yox, oğlanı seçmək və kişi ilə dolu bir dünya gözləntisi” adlı kitabında apardığı araşdırmada ölkəmizdə gender balansının vəziyyəti ilə bağlı maraqlı fakt nəşr edib. Onun araşdırmasına görə, Azərbaycan dünyada doğulmamış qızları cinsinə görə ən çox abort etdirilən ölkələrdən biridir. Azərbaycandan başqa bu siyahıda Çin, Hindistan, Cənubi Koreya və Albaniya və s ölkələrin adları var. Həmişəki kimi siyahıda birlikdə yer aldığımız ölkələr bizə hansı yöndə inkişaf etdiyimizi, hansı tərəfə getdiyimizi aydın göstərir.

P.S Qızların sayının oğlanlara nisbətən çox olması oğlanların seçim imkanını genişləndirir, alternativ sunur, qızların seçim imkanı isə daralır.

8 yorum:

  1. Düzdür, indi hamının istədiyi xoşbəxtlikdir. Amma sadaladıqlarınızın çoxu keçmişdən gələn adətlərdir. Keçmişi nəzərə alsaq xoşbəxtlik ailədə ön planda olan mövzulardan deyildi, əsas ön planda olan məsələ nəslin davam etməsi idi. Bunun nəticəsidir ki, deyilən məsəllər, bayatılar, edilən arzuların çoxunda ailəyə uşaq arzulanır ən əsas.

    YanıtlaSil
  2. Təəssüf ki, bu bayatıların ifadə etdiyi fikirlər indi də insanlarımızın beynində yaşayır

    YanıtlaSil
  3. nə qədər abort edirlərsə də qadınların sayı həmişə kişilərdən çox olur

    YanıtlaSil
  4. bu adətləri pisləyə-pisləyə hara gedirsiz? homoseksuallığın baş alıb getdiyi avropaya getmek isteyirsiz?

    YanıtlaSil
  5. Avropada təkcə homoseksuallığı görmək Avropaya qarşı haqsızlıq deyil? :)

    YanıtlaSil
  6. siz heç avropa ailəsində mədəniyyət görmüsüz? uşaqları hamısı tərbiyəsizdir

    YanıtlaSil
  7. Bəli, Avropadan olan tərbiyəli insanları görmüşəm. Üstəlik Avropa mədəniyyəti ən zəngin mədəniyyətlərdən biridir. Misal üçün Yunan, İtaliya, ALmaniya, Fransız ədəbiyyatı mədəniyyəti çox xoşuma gəlir

    YanıtlaSil
  8. onların bütün musiqisi bir muğama dəyməz.

    YanıtlaSil