23 Mart 2013 Cumartesi

Alman müəlliməmin təcrübələri

Bu aralar, alman dili kursuna gedirəm. Müəlliməmiz almandır. Çox maraqlı insandır. 17 yaşına kimi adı Angela olub, tələbə olanda italyan restoranında işləyirmiş. Müdiri onu Paula çağırmağa başlayıb, və o qərar verib ki, adını dəyişsin. Almaniya qanunlarına görə əgər bir insanı iş yerində başqa adla, təxəllüslə tanıyırlarsa, o həmin adı rəsmiləşdirə bilər. Paulanın bir oğlu var. Deyir oğlumu Berlinin yaxınlığında bir kənddə heç bir ağrıkəsici istifadə etmədən dünyaya gətirmişəm. Təsəvvür edirsiz, bizdə qız hamilə olanda gedir anasıgilə ki, yanında yaşlı və təcrübəli adam olsun, xəstəxanada uşaq doğur. Bu isə uşağının atası ilə  hansısa kənddə tək doğmaq istəyib. Deyir hətta, öz hebammem (mamaçam) həmin vaxt ölkədə deyildi, mən sancılar başlayanda məcbur başqa hebamme çağırdım. Paulaya görə, doğuş sancıları uşağı güclü edir və bu sancılar ana üçün də xeyirlidir. Əlbəttə, bir azərbaycanlı olaraq bunları eşidəndə gözüm kəlləmə çıxdı :) Zarafat bir yana, bir psixoloq rəfiqəmdən eşitdiyimə görə, bu sahədə aparılan araşdırmalar onu göstərir ki, əməliyyatla doğulmuş uşaqların iradəsi təbii yolla doğulmuş uşaqlara nisbətən zəif olur. 

Keçənlərdə dəfə dərsdə sevimli məşğuliyyətlər haqqında danışırdıq. Bizimlə eyni qrupda olan türk oğlan dedi ki, o gecələr casinoya getməyi çox sevir. Paula da öz təcrübəsini paylaşdı ki, bəs mən də tələbə vaxtı gecələr casinoya gedərdim. Deyir  tələbə vaxtı son 50 avrom qalanda gedirdim casinoya, oynayıb 300 avroya çatdıran kimi çıxırdım. Bir də növbəti dəfə 50 avro pulum qalanda casinoya qayıdırdım. Beləcə tələbəliyimi yola vermişəm. 

Paulanın bizimlə paylaşdığı təcrübələri ona görə öz blogumda paylaşıram ki, müstəqil insanın ayaqda qalması üçün atdığı addımlardan xəbərdar olasınız. Müstəqil insan özü öz qərarını verir, yanlış və doğru olmasından asılı olmayaraq. Uşağını harda və necə doğacağını özü seçir. Azərbaycanda hansı ana öz uşağını bu dünyaya gətirəcəyi yeri özü seçir? Bəs ana, qaynana, təcrübəli insanlar, həkim qohum varsa onun işlədiyi klinika məsləhətləri?
Azərbaycanda tələbələrin neçə faizi yaşamaq üçün özü yol axtarır? 
Və beləliklə biz həyatımızın istənilən dönəmində qərar verməyi bacarmırıq. Əvəzimizə ailə qərar verir.

Hiç yorum yok:

Yorum Gönder